Aprelin 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsil Könüllüləri İctimai Birliyinin (ADPU TKİB) təşkilatçılığı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova ilə tələbələrin görüşü keçirilib.
Tehsil.biz xəbər verir ki, əvvəlcə rektor professor Cəfər Cəfərov qonağı qəbul edib və Şura sədri ilə təhsil sahəsində ictimai hərəkatın, tələbə-gənclər təşkilatlarının fəaliyyət istiqamətləri və perspektivləri ətrafında müzakirələr aparılıb, İctimai Şuranın fəaliyyəti yüksək qiymətləndirilib.
Görüşdə çıxış edən Universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev tələbələrin təşəbbüsünü yüksək qiymətləndirib və təhsildə ictimai nəzarət məsələləri ilə tanışlığın sabahın müəllimləri üçün olduqca vacib olduğunu vurğulayıb.
Tələbələr qarşısında çıxış edən Şura sədri Günel Səfərova təhsilin cəmiyyət həyatının bütün sahələrinə sirayət edən ən strateji amillərdən olduğunu qeyd edərək Təhsil Nazirliyi yanında İctimai Şuranın fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Natiq vurğulayıb ki, bu günün tələbələri özlərini sabahın tələblərinə hazırlamalı, bütün dünyada gedən qlobal trendləri izləməli, XXI əsrin ən vacib bacarığı olan səriştələrə yiyələnməklə ölkəmizin gələcəyinə töhfə verməyə hazır olmalıdırlar. Bu istiqamətdə ADPU strateji əhəmiyyətli ali təhsil müəssisəsi kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Görüş tələbələri maraqlandıran suallar ətrafında maraqlı diskussiya ilə davam edib.
Sonda ADPU TKİB-in sədri Sultanə Cəfərzadə qonağa tələbələrin dəvətini qəbul etdiyinə və faydalı görüşə görə təşəkkür edib.